Ordubad Azərbaycanın incisidir! - Bu sözləri Azərbaycanın dilbər guşələrindən biri olan, öz milli-mənəvi dəyərləri, bu günə kimi qorunub saxlanılmış adət-ənənələri, mədəniyyəti, ziyalıları ilə seçilən diyar üçün Ümummilli lider Heydər Əliyev hələ 1980-ci ildə Ordubadda olarkən demişdir.
Ordubad rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 4 yanvar 1963-cü ildə rayon ləğv edilərək Culfa rayonunun tərkibinə verilmiş, 6 yanvar 1965-ci ildə yenidən təşkil edilmişdir. Ordubadın salındığı qədim tarix müəyyənləşdirilməmişdir. Lakin bu ərazi dünyada ən qədim insan məskənlərindən biri, bəşəriyyətin yaranma ocağı sayılır. Ordubad adına ilk dəfə V əsr yazılı mənbələrində rast gəlinir.
Ordubad rayonunun ərazisi 978.99 kv.km, əhalisi 50 min 687 (01.01.2024) nəfərdir. Cənubdan İran İslam Respublikası, şimaldan və şərqdən Ermənistanla həmsərhəd olmaqla, qərbdən Culfa rayonu ilə qonşudur. Ordubad rayon inzibati ərazi vahidinin statusu rayon, mərkəzi isə Ordubad şəhəridir. Şəhər dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşir. Naxçıvan Muxtar Respublikasının ən hündür nöqtəsi olan Qapıcıq zirvəsi də (3904 metr) Ordubaddadır. Memarlıq quruluşu və tarixi abidələrinə görə Ordubad şəhəri 1977-ci ildə qoruq şəhər elan edilmişdir. Muxtar Respublikanın paytaxtından rayonun mərkəzinədək məsafə 70 km-dir. Naxçıvan-Ordubad magistral avtomobil yolunun uzunluğu Culfa şəhərindən Ordubad şəhərinədək 36 km-dir. Rayonda 4 dəmiryolu stansiyası mövcuddur. Rayon 1 şəhər, 3 qəsəbə, 43 kənd olmaqla ümumilikdə 47 ərazi vahidindən (Ordubad şəhəri, Nüsnüs kəndi, Yuxarı Əndəmic kəndi, Aşağı Əndəmic kəndi, Gənzə kəndi, Anabad kəndi, Kotam kəndi, Kilit kəndi, Şəhriyar qəsəbəsi, Yuxarı Əylis kəndi, Aşağı Əylis kəndi, Dəstə kəndi, Xanağa kəndi, Ağrı kəndi, Dizə kəndi, Vənənd kəndi, Vələver kəndi, Başkənd kəndi, Qoruqlar kəndi, Dırnıs kəndi, Anaqut kəndi, Kələki kəndi, Unus kəndi, Pəzməri kəndi, Düylün kəndi, Çənnəb kəndi, Üstüpü kəndi, Məzrə kəndi, Azadkənd kəndi, Aza kəndi, Darkənd kəndi, Sabirkənd kəndi, Baş Dizə kəndi, Qoşadizə kəndi, Kələntər Dizə kəndi, Gilançay kəndi, Biləv kəndi, Behrud kəndi, Parağa kəndi, Tivi kəndi, Bist kəndi, Ələhi kəndi, Xurs kəndi, Nürgüt kəndi, Parağaçay qəsəbəsi, Ağdərə qəsəbəsi, Nəsirvaz kəndindən) ibarətdir ki, bura 30 nümayəndəlik, 30 bələdiyyə daxildir.
Ərazinin böyük bir hissəsi Zəngəzur silsiləsinin cənub-qərb yamacı, Araz çayına doğru ayrılan qolları tutur. Relyefi, əsasən, dağlıq, dağətəyi, 5-6 faizi isə aran ərazilərdən ibarətdir. Yayı quraq və qışı soyuq keçən iqlim tipi vardır. Son dərəcə zəngin florası və faunası vardır. Boz, çəmən-boz, allüvial-çəmən, dağ-şabalıdı, qəhvəyi dağ-meşə, çimli dağ-çəmən torpaqları yayılmışdır. Arazboyu düzənliklər və qismən alçaq dağlıq sahələr dağ-kserofit bitkiləri, yüksək dağlıq sahələr subalp və Alp çəmənləri ilə örtülüdür. Bəbir, Cənubi Qafqaz muflonu, qaya keçisi, daşlıq dələsi, boz kəklik və.s var. Yaşayış məntəqəsi, əsasən, dağətəyi ərazidə yerləşir. Əkinçilik üçün su ehtiyatına və içməli su mənbələrinə malikdir, əsrlərlə yaşı olan qədim kəhriz və çeşmələri vardır. Rayon ərazisindən Araz, Ordubad, Vənənd, Düylün, Gilançay, Dübəndi çayları axır. Kənd əhlisi, əsasən, əkinçilik, maldarlıq, arıçılıqla məşğul olur. Rayonda tabaşir-antropogen çöküntüləri geniş yayılmışdır. Faydalı qazıntıları: polimetallar, molibden, mis, tikinti və.s materialları var.
Ordubad tarixən gözəlliklər diyarı olaraq tanınmışdır. Eyni zamanda təkcə əsrarəngiz gözəlliyi ilə deyil, həm də məşhur adamları, sənətkarları, dünya şöhrətli alimləri, dünyaya və Azərbaycanımıza böyük töhfələr verən şəxsiyyətləri ilə də seçilib, fərqlənmişdir. Məşhur astronom alim, riyaziyyatçı, şair, dövlət xadimi, Nəsrəddin Tusi, Məhəmməd ibn Həsənin törəmələri hazırda Ordubadda yaşayırlar. Məşhur dövlət xadimi, şair, I Şah Abbasın baş vəziri olmuş Hatəm bəy Ordubadi də Tusi nəslinə mənsub olmuşdur. XIX əsrdə Nəcəf şəhərində Ayətullah Məhəmməd Əli Gələvi Ordubadinin ərəb dilinin qrammatikasına aid yazdığı kitablar bütün şərq aləmində məhşur olmuşdur. Dünya şöhrətli alim, akademik, 200-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifi, müharibənin ən ağır dövründə yüksək oktanlı benzini ixtira etmiş Yusif Məmmədəliyev (1975-ci ildən Ordubad şəhərində muzeyi fəaliyyət göstərir), Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi; azərbaycanlı nasir, şair, dramaturq, jurnalist, publisist və tərcüməçi Məmməd Səid Hacı Fəqir oğlu Ordubadi (1972-ci ildən Ordubad şəhərində ev muzeyi fəaliyyət göstərir), Naxçıvanda təhsilin, mədəniyyətin inkişafında böyük xidmətləri olan Məhəmməd Tağı Sidqi (2015-ci ildən Ordubad şəhərində ev muzeyi fəaliyyət göstərir) və.s dahilər bu diyardandır.
Mühüm ticarət yolu ayrıcında yerləşən Ordubad Yaxın və Orta Şərq ölkələri ilə ticarət əlaqələri saxlamışdır. Vaxtilə rayonda 40 növdə üzüm yetişdirilirdi. Hələ XVI əsrin ikinci yarısından başlayaraq Ordubaddan Venesiyaya, Marsel, Amsterdam və.s Avropa şəhərlərinə ipək ixrac olunurdu. XX əsrin əvvəllərində keçirilmiş beynəlxalq sərgi və baxışlarda Ordubad ipəyi 13 dəfə qızıl medalla təltif edilmişdir.
Ordubadın möcüzəli təbiəti, sirli aləmi və təbii gözəlliyi XIX-XX əsrlərdə buraya səyahət etmiş bir sıra səyyahların marağına səbəb olmuşdur. Rus alimi İ.Şopen, polyak tədqiqatçı A.Petzold, fransız yazıçısı A.Düma və başqaları öz yazılarında bu gözəlliyi vəsf etmiş, Ordubada heyran qaldıqlarını bildirmişlər.
Hazırda Şərq aləminin canlı muzeyi hesab olunan Ordubad öz tarixini və dünya mədəniyyətinə bəxş etdiyi töhfələri ləyaqətlə qoruyaraq nəsillərdən-nəsillərə ötürür. Ordubad rayonu zəngin milli dəyərlərə malik olan bir ərazidir. Rayon özünün yüksək intellektli ziyalıları, zəhmətsevər insanları, dövlətçiliyə sədaqətli əhalisi ilə tanınır. İnsanları daha emosionaldır. Daima yeniliyə can atır, tarixin çətinliklərindən dövrümüzə gəlib çıxan milli və dini dəyərləri də möhkəm müdafiə edirlər.
Rayonda təhsil sahəsində 34 ümumtəhsil məktəbi, 1 Texniki Peşə və Sürücülük məktəbi, 4 məktəbdənkənar, 1 məktəbəqədər tərbiyə müəssisəsi; Mədəniyyət sahəsində 15 mədəniyyət evi, 1 mədəniyyət sarayı, 16 kənd klubu, 1 şəhər klubu, 1 mərkəzi kitabxana, 1 uşaq kitabxanası, kitabxananın 33 kənd filialı, 5 muzey, məşhur «Gəmiqaya» tarixi abidələr kompleksi, Həsən Əliyev adına Milli Park, Ordubad Tarix-Memarlıq qoruğu, 2 uşaq musiqi məktəbi; Səhiyyə sahəsində 1 mərkəzi xəstəxana, 1 uşaq xəstəxanası, 12 həkim ambulatoriyası, 19 feldşer-mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və başqa təşkilatlar əhaliyə xidmət edir. Rayonda Uşaq Gənclər İdman Məktəbi, Uşaq Gənclər Şahmat Məktəbi, 7 stadion (bunlardan şəhər stadionu əsaslı bərpa olunmuşdur), 3 mini futbol meydançası sakinlərə xidmət göstərir. Rayonda Karate-do, Voleybol, Basketbol, Futbol, Şahmat, Atletika, Paralimpiya, Hava və Ekstremal, Güləş olmaqla 9 federasiyanın rayon bölməsi fəaliyyət göstərir. Rayonda 81 məscid, 21 pir və 12 mərasim evi mövcuddur. Rayon İcra Hakimiyyətinin orqanı olan «El həyatı» qəzeti 1932-ci ildən 2023-cü ilə kimi fəaliyyət göstərmişdir. 1932-ci ildən «Ordubad fəhləsi», 1941-ci ildən «Ordubad işçisi» adı ilə çıxmağa başlamışdır. 1959-cu ildən 1965-ci ilin sonuna kimi fəaliyyət göstərməmişdir. 1966-cı ildən «Yeni Ordubad», 1990-cı ildən isə «El həyatı» adı ilə nəşr olunurdu.
Ötən illərdə Ordubad rayonunda tikinti-quruculuq işləri nəticəsində şəhər, qəsəbə və kəndlərimizdə təhsil, səhiyyə, mədəniyyət, ictimai iaşə obyekləri yenidən qurulmuş, yollarımız asfaltlanmış, yeni məscid binaları tikilmiş, bir çox tarixi-mədəniyyət ocaqlarımız əsaslı bərpa olunmuş, qədim diyar tarixiliyin və müasirliyin vəhdətində əsrarəngiz bir görkəm almışdır.
Tarixi və memarlıq abidələri haqqında məlumat
Naxçıvan diyarında qədim insanın məskunlaşdığı əsas bölgələrdən biri olan Ordubad rayonunun ərazisi Daş dövründən başlayaraq orta əsrlərə qədərki abidələrlə zəngindir. Rayonun ərazisində miqyasına görə irili-xırdalı 100-dən artıq tarixi-memarlıq incəsənət abidələri və arxeoloji abidələr mövcuddur. Onların 30-dan çoxu dövlət tərəfindən qorunur. Qoruq üzrə qeydə alınan 50 tarix və mədəniyyət abidəsindən 9-tarixi, 6-arxeoloji, 33-memarlıq, 1-ziyarətgah, 1 monumental sənət abidəsidir. Onlardan 1-i dünya, 15-i respublika, 34-ü yerli əhəmiyyət kəsb edir.
Rayonda 291 tarixi abidə mövcuddur. Onlardan 110-u ölkə, 177-si yerli, 4-ü dünya əhəmiyyətli (Gəmiqaya təsvirləri –Nəsirvaz kəndi, e.ə IV-I minilliklər, Xarabagilan yaşayış yeri – Sabirkənd XII-XIV əsrlər, Muncuqlutəpə nekropolu – Sabirkənd ərazisi e.ə.VIII-VI əsrlər, orta əsr Ordubad şəhəri – V-XVIII əsrlər) abidələrdir. Ölkə əhəmiyyətli abidələrdən 46-sı memarlıq, 43-ü arxeoloji, 13-ü ziyarətgah, 4-ü tarixi,
3-ü təbiət, 1-i monumental sənət abidəsidir. Yerli əhəmiyyətli abidələrdən 73-ü memarlıq , 65-i arxeoloji, 29-u ziyarətgah, 10-u tarixi abidə, dünya əhəmiyyətli abidələrin isə hər biri arxeoloji abidədir.
Ordubad şəhərindəki orta əsrlərə aid «Sərşəhər məscidi», «Anbaras məscidi», «Qeysəriyyə», «Cümə məscidi», «Mingis məscidi», «Təkeşiyi məscidi», «Mədrəsə», 48 kəhriz, XVI əsrin tarixi yadigarı olan hamam binası, XIV əsrə aid «Buzxana », XVIII əsrə aid «Dilbər məscidi», XVIII əsrin yadigarı, qədim «İpək yolu»nun üzərində olan Aza körpüsü, XVI əsrin arxeoloji qalıqları olan «Xarabagilan» qoruğu, ötən əsrlərin yadigarları olaraq bir çox kənd məscidlərimiz, əsasən, Dırnıs kəndinin Yuxarı məhəlləsində XVII-XVIII əsr tarix-memarlıq abidəsi olan «Dırnıs məscidi», Vənənd kəndində XVII-XVIII əsrlərə aid «Abidin məscidi», «Cümə məscidi», «Burçunlu məscidi», «Uzun küçə məscidi», Yuxarı Əndəmic kəndində XVIII-XIX əsrlərə aid «Meydan məscidi», «Süd məscidi», Yuxarı Əylis kəndində XVI əsrə aid «Şah Abbas məscidi», Dəstə kəndində «Baba Yaqub məscidi», «Şingilək məscidi» və.s mövcuddur. Akademik Y. Məmmədəliyevin, böyük ədib M. S. Ordubadinin, maarifçi Məhəmməd Tağı Sidqinin ev muzeyləri, Ordubad rayon Tarix Diyarşünaslıq muzeyi, Gəmiqaya Muzeyi vardır. Ordubad yasaqlığı əsasında akademik Həsən Əliyev adına Milli Park yaradılmışdır (2003). Qədim dünyanın ən müqəddəs pantenonlarından sayılan Gəmiqaya dağı bu rayonun ərazisindədir. Dağın üzərindəki təsvirlər və buradakı yurd yerləri Ordubad ərazisində e.ə VII-I minilliklərdə yaşamış qədim əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləməyə imkan verir. Ordubadın yaşayış məntəqələrindən olan Sabirkənd, Plovdağ və Xaraba Gilan ərazisində e.ə. II-I minilliklərə aid mədəniyyət qalıqları ilə zəngin olan yaşayış yerləri və bir sıra nekropollar mövcuddur. Qapıcıq zirvəsinin cənub və qərb yamaclarında Nəbiyurdu, Camışölən və Qaranquş yaylaqları vardır. Qaya təsvirlərinin toplandığı başlıca bölgə Qaranquş yaylağıdır. Dünya mədəniyyətinin nadir incisi Gəmiqaya ən qədim yaşayış məskənlərindədir. Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Qapıcıq dağının cənub-şərq yamacındakı Qaranquş yaylağı ərazisi Eneolit, Tunc və ilk Dəmir dövrlərində Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri idi. Elə həmin dövrlərdə burada iri qaya parçaları üzərində heyvan rəsmləri, ov və rəqs səhnələri, müxtəlif işarələr və damğalar həkk olunmuşdur. Gəmiqayada aşkar edilmiş (1968) qədim təsviri sənət nümunələri e. ə. VI-I minilliklərdə Azərbaycan ərazisində yaşamış qədim əhalinin həyat tərzini, dünyagörüşünü, adət-ənənələrini, dini-ideoloji və estetik təfəkkürünün inkişafını izləməyə imkan verir. Qaranquş yaylağında, Gilançay vadisində Naxçıvan tayfalarının qədim yurd yerləri, yaşayış məskənləri, nekropollar və ibadətgahlar vardır. Tədqiqatlar nəticəsində e. ə. II minillikdə Gilançay vadisinin Arazboyu düzənliklərlə qovuşduğu ərazidə əhalinin daha sıx məskunlaşdığı müəyyənləşdirilmişdir. Burada e.ə. II-I minilliklərə aid Sabirkənd, Plovdağ, Xarabagilan, Şomudərə, Xalı-Kaşan, Mərdangöl və s. mədəniyyət qalıqları ilə zəngin yaşayış yerləri və nekropollar mövcuddur. Bu ərazilər Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay və Gilançay vadisində yaşamış qədim əkinçi-maldar tayfaların yaylaq yerləri olmuşdur. Ordubad rayonu ərazisində Gilan, Biləv, Parağa, Tivi, Nəsirvaz, Xurs və s. kəndlərdə də Tunc, ilk Dəmir dövrlərinə, antik dövrə, həmçinin erkən orta əsrlərə aid maddi-mədəniyyət qalıqları mövcuddur. Biləv kəndi yaxınlığında, Gilançayın sol sahilində yerləşən abidə xalq arasında Babək qalası, Gəmiqayada Qaranquş yaylağındakı qəbiristanlıq isə babəklilərin qəbirləri kimi tanınır. Hazırda Tarix-Diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərən “Qeysəriyyə” memarlıq abidəsi ən nadir incilərdəndir. Özünün arxitektura xüsusiyyəti, ornamenti, kompozisiya quruluşu, tərtibatı ilə seçilən “Qeysəriyyə” həmişə diqqəti cəlb edən bir obyekt kimi nəzərə çarpıb. Şəhərdəki XVI əsrin yadigarı abidə-hamam da qiymətli memarlıq incəsənət abidələrindəndir. Şəhərdəki Əfqan qalası görünüşünə, tikinti üslubuna görə diqqəti cəlb edir. Nüsnüs kəndində böyük ziyarətgaha çevrilmiş XVI əsrin yadigarı olan “Qırxkimsənə piri” son illərdə xeyli abadlaşdırılmışdır. Pirə gedən yollar tam qaydaya salınıb. Respublikamızın bir çox rayonlarından, hətta bəzi xarici dövlətlərdən bu ziyarətgaha gələnlər xoş təəssürat almışlar. Dırnıs, Dəstə, Yuxarı Əylis, Nüsnüs, Gənzə, Yuxarı Əndəmic və başqa kəndlərdə olan abidə, məscidlər də təkcə dini ziyarətgah baxımından deyil, tikinti arxitektura xüsusiyyətlərinə görə də seçilir. Dırnıs, Nüsnüs, Yuxarı Əylis, Düylün, Azadkənd, Vənənd, Gənzə, Üstüpü kəndlərində tarixi hamamlar bu gün də böyük marağa səbəb olur. Ordubad şəhərində və digər kəndlərimizdə bir sıra bulaq abidələr vardır ki, onlar da dövlət tərəfindən mühafizə olunan obyektlərdəndir. Şəhərdəki «Qırxayaq kəhrizi », «Nəhər kəhrizi », «Əli bəy kəhrizi », «Meyrəmçə kəhrizi», «Sərşəhər çeşməsi», «Şıxəli xan çeşməsi», Yuxarı Əylis kəndindəki «Xan çeşməsi», «Meydan çeşməsi» və «Bazar çeşməsi», «Xoşkeşin kəhrizi», «Quşlu çeşmə», «Qırxayaq kəhrizi», «Şah Abbas hamamı», «Şah Abbas körpüsü», «Mədrəsə», şəhərdəki Mingis qarşısında aşkar edilmiş 50 metr dərinliyi olan çeşmə və.s bu abidələr sırasına daxil edilmişdir. Gilançay, Ələhi, Bist kəndlərində də tarixi körpülər mövcuddur. Rayonda mövcud olan məscidlərin 70-dən çoxu tarixi abidə kimi qeydə alınmışdır. Ordubad şəhərində 600-dən yuxarı yaşı olan böyük çinar ağacları bura gələnləri valeh edir. Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür. 2005-ci ildə rayon mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.
Ermənistanın işğalı nəticəsində dağıdılmış mədəni abidələr haqqında məlumat
XX əsrin əvvəllərində erməni terrorunun qurbanı olan minlərlə Ordubad sakinləri çoxlu işgəncələrə məruz qalmışlar. 1990-1992-ci illərdə Ermənistanın işğalçılığı nəticəsində Ordubad rayonunun Kilit kəndi Mehri rayonu ərazisindən top atəşinə tutularkən 35 yaşayış evi və çoxlu yardımçı binalar, məktəb, mağaza, məscid və bir neçə tarixi abidə dağılmışdır.
Ədəbiyyat
1. Naxçıvan Abidələri Ensklopediyası - Naxçıvan – 2008, 519 səh.
2. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu - “Əcəmi” Nəşriyyat -Poliqrafiya Birliyi - 2008, 73 səh.
3. Naxçıvan Muxtar Respublikası haqqında ümumi məlumatların yer aldığı internet saytı (https://nakhchivan.preslib.az)
4. Ordubad rayonunun müvafiq idarə, müəssisə və təşkilatlarından əldə olunan rəsmi məlumatlar.